Mobil tətbiqlərdə UI/UX dizaynının əhəmiyyəti

İnsanların əksəriyyəti rəqəmsal mediadan istər masaüstü, istərsə də mobil telefonlarda istifadə edir. Hər iki platformanın çox sayda istifadəçisi var. Mobil və onunla əlaqəli texnologiyalar dünya miqyasında populyarlıq qazandıqca insanların heç bir maneə olmadan daha rahatlıqla texnologiyalardan yararlanma gözləntiləri gündən-günə yüksəlir. Bu baxımdan mobil tətbiqiniz üçün UI/UX dizaynının rolu danılmazdır.

 

Mobil proqramın UI/UX dizaynı istifadəçi təcrübəsini artırır və buna görə də mobil tətbiqinizin uğurunda əsas rol oynayır. UI/UX dizaynının rolunu anlamaq üçün əvvəlcə hər iki terminin izahını bilmək gərəklidir.

 

“UI” abbreviaturası ingilis dilində “User Interface” olub istifadəçi interfeysi deməkdir. Bu dizayn, istifadəçilərin mobil proqramla qarşılıqlı əlaqəsidir. İstifadəçi interfeysinə tətbiqin bütün idarəetmələri, düymələri, blokları və elementləri daxildir.

 

İstifadəçi interfeysinin məqsədi istifadəçi ilə proqram arasında səmərəli və effektiv qarşılıqlı əlaqəni yaratmaqdır. UI-nin yaradılması dedikdə rəng və ən son dizayn prinsiplərinin seçilməsi nəzərdə tutulur.

 

“UX” abbreviaturası isə ingilis dilində “User Experience” olub, istifadəçi təcrübəsi deməkdir. UX-ın başlıca məqsədi isə istifadə rahatlığı və istifadəçinin sayta daxil olarkən saytda asan şəkildə axtarış etməkdir. Daha dəqiq desək, mobil tətbiqin işləmə üsulunu müəyyənləşdirməyi və istifadəçilərin tələblərinə cavab verməyi əhatə edir. UX aydın, rahat və istifadəçi dostu olmalıdır.

 

Proqramçı üçün mobil proqramda UI/UX-in rolunu bilmək vacibdir. Siz əla funksionallığı olan bir mobil tətbiq yarada bilərsiniz, lakin dizayn hissəsinə diqqət yetirilməzsə, bu, tətbiqi yararsız edəcək. Tətbiqin uğurlu olması üçün onun funksionallığı və UI/UX arasında düzgün balansın olması vacibdir.

 

UI və UX-i təkmilləşdirmək üçün nələr edə bilərsiniz ?

 

1. Saytın ahəngini qorumaq – tətbiqin dizaynı ikona və düymələrlə məhdudlaşmamalı, həm də rənglər və naxışlar onlarla vahidlik təşkil etməlidir.

2. Yükləmə sürəti - Sürət UX dizaynının ən vacib aspektlərindən biridir. Səhifənizin dizaynı elə olmalıdır ki, çox yükləmə vaxtı tələb etməsin, çünki istifadəçilər vaxtlarına qənaət etmək istəyirlər.

3. Ənənəvi elementlərdən istifadə - tətbiqdə hər bir istifadəçinin tanıya biləcəyi elementlərdən istifadə etmək məsləhət görülür, beləcə, o heç bir çaşqınlıq olmadan problemsiz tətbiqdən yararlanacaq.

4. İnteraktiv tətbiq – istifadəçi dostu tətbiqlər ən ideal hesab edilir. İnteraktiv proqram istifadəçilərə rahatlıqla bir pəncərədən digərinə keçmək imkanı verir.

Mobil tətbiqlərdə UI/UX dizaynının əhəmiyyəti