Black Friday və Cyber Monday günlərində satışlarınızı necə artıra bilərsiniz?

Endirimli alış-veriş günləri olan Black Friday və Cyber Monday hər zaman olduğu kimi bu il də dünyada maraqla qarşılanır. Hər ilin noyabr ayının son həftələrində texnoloji alətlərdən tutmuş geyimə qədər bir çox məhsulun endirimə düşdüyü bu ərəfədə bir çox şirkətlər endirim kampaniyaları, kuponları təşkil edir. Bəs bu günlərdə satışlarınızı necə artıra bilərsiniz? Bu suala cavab vermək üçün əvvəlcə sözügedən günlərin yaranma səbəblərini, satış statistikalarını, alıcı psixologiyasını, ümumiyyətlə, bu endirim festivallarının məğzini anlamaq lazımdır.

 

Əvvəla, belə günlər dünyanın bütün ölkələrində iqtisadiyyatı, müxtəlif sektorları dirçəltmək məqsədiylə keçirilir. Azərbaycanca “Qara Cümə” kimi tərcümə olunan Black Friday bütün dünyada keçirilən alış-veriş festivalına verilən addır. Bu gün Şükranlıq günündən (Thanksgiving Day), yəni noyabrın 4-cü cümə axşamından sonrakı cümə gününə təsadüf edir və Milad alış-veriş mövsümünün ilk günü hesab olunu. Black Friday bu il noyabrın 26-na, cümə gününə təsadüf edir. İlin ən böyük satış dövrü olan Black Friday endirimləri normalda 24 saat davam edir. Lakin artan tələbat səbəbindən endirimlər 3-4 gün davam edə, hətta 10 gün öncədən başladıla bilər. Nə üçün bir çox insanın alış-veriş etdiyi bu günə Qara Cümə deyilir? Bu sualın dəqiq bir cavabı yoxdur, amma bir sıra iddialar var. İlk ehtimal budur ki, 1869-cu il sentyabrın 24-də Wallstreet-də işləyən iki iş adamı, Cey Qould və Cim Fisk “birja krizi” yaratmışdı. İki dost birjada dəyəri artırmaq üçün ABŞ-dan bacardıqları qədər qızıl alaraq birjada çaxnaşma dalğası yaratdılar. Bu dəyişiklik bir anda bir çox ABŞ vətəndaşına ziyan vurdu. Media ölkədəki vəziyyəti ümumiləşdirmək üçün “Black Friday” ifadəsindən istifadə etdi. 

 

Başqa bir iddia 1800-cü illərin sonlarına doğru mağazaların Şükran günündən bir gün sonra endirimlər təklif etməsiylə bağlıdır. Zamanla bu endirimlər hər il sistemli şəkildə həyata keçirilməyə başlayıb və beləliklə, 1920-ci illərdə bu ənənəvi hal almağa başlayıb. 1961-ci ildəki Şükran günü sonrası endirim vaxtı bir çox xoşagəlməz hadisə baş verib: alış-verişin çoxluğu, yol qəzaları və insanlar arasında yaşanan zorakılıq halları və s. Bundan sonra Şükran Günü sonrası satışlara Black Friday adı verilib və polis də bu addan şəhərin mərkəzində, alış-veriş məkanlarında piyadaların və avtomobillərin hərəkətini təsvir etmək üçün istifadə edib.

 

1950-ci illərdə insanlar xəstə olduqlarını bəhanə edərək Şükran Günündən sonrakı gün istirahətlərini uzatmaq üçün istirahət etməyə başladılar. Mağazaların açıq olduğunu bilən insanlar artıq təlaşla alış-verişə başlamışdılar. Şirkətlər kimin həqiqətən də xəstə olduğunu müəyyən etmək əvəzinə həmin günü ödənişli məzuniyyət elan etdilər. Beləliklə, Qara Cümə tarixi adını almadan çox əvvəl məşğul alış-veriş günü idi. Geyimə, texnoloji məhsullara, avtomobillərə, xidmətlərə də tətbiq olunan Black Friday günü mağazalar çox erkən açılır və gec bağlanır. ABŞ-da başlayan və sürətlə Avropaya yayılan Black Friday günü insanlar hətta gecə yarısından etibarən böyük endirimlər üçün mağazaların qapılarında uzun növbələr yaradırlar.

 

Black Friday alıcılarının ümumi sayı 2017-ci ildə 174,6 milyondan ikən, 2019-cu ildə 189,6 milyona qədər artmışdı. Bununla belə, hazırkı pandemiya səbəbindən onların sayı 186,4 milyona düşüb. Lakin ilk dəfə olaraq onlayn Black Friday alıcılarının sayı 100 milyona çatıb. Bu, ötən illə müqayisədə 8% artım deməkdir.

 

Black Friday ilə bağlı maraqlı statistika:

• İstehlakçıların 73%-i endirimlərdən və ya mövsüm üçün əldə edə biləcəkləri ən yaxşı təkliflərdən yararlanmaq üçün Black Friday alış-verişi etməyi planlaşdırır. 23%-i isə onlayn alış-verişə nifrət etdiklərinə görə ənənəvi alış-veriş etməyi üstün tutur.

• Black Friday alış-veriş qərarlarına təsir edən amillər arasında pulsuz çatdırılma (49%), promosyonlar/məhdud müddətli satışlar (36%), istifadəsi asan vebsayt/proqram (21%) daxildir.

• Black Friday xüsusi endirimlərində pulunua orta hesabla 37% qənaət edilir.

• Black Friday alıcılarının 50,4%-i qadınlardır.

 

Cyber Monday (Kiber Bazarertəsi) endirimləri isə Black Friday-in onlayn alternativi olaraq başladılmışdır. Bu gün ilk dəfə 2005-ci ildə təşkil edilib və onu başladan, adlandıran təşkilat Shop.org olmuşdur. Həmin dövrdə onlayn alış-veriş yayılmağa başlamışdı. Xüsusilə bazar ertəsi günlərində artım müşahidə olunurdu və böyük mağazalar yalnız onlayn endirimlər təklif etməyə başladı.Bunu etməkdə əsas məqsədlərdən biri də Black Friday ilə rəqabət aparmaq idi. Bəs sual olunur: əgər məqsəd rəqabət aparmaqdırsa, niyə Cyber Saturday yox, Cyber Monday ? Çünki araşdırmalar nəticəsində insanların daha çox bazar ertəsi günü internetdən alış-veriş etdikləri müəyyən olunmuşdu. Digər bir tərəfdən həmin vaxtlarda heç də hər kəsin evində sürətli internet əlaqəsi yox idi – bu da insanların alışverişi bazar ertəsi etməyinin ən əsas səbəbi idi. Çünki, onlar sürətli internetlə alış-verişlərini internetdə etməyə üstünlük verirdilər.Buna görə də bazar ertəsi onlayn mağazalar üçün ən ideal gün olmağa başladı. İnternet alış-veriş statistikasını izləyən Adobe Digital Insights-a görə, 2009-cu ildə Cyber Monday-də əldə olunan qazanc 2018-ci ildə artıq 8 qatına çıxmışdı. 2010-cu ildə ilk dəfə olaraq 1 milyard dolları keçərək 1 milyard 38 milyon dollar qazanc əldə edilmişdi. 2011-ci ildə rəqəmlər artmağa davam edərək 1,3 milyard dollara çatdı. 2012-ci ildə əldə edilən 1,5 milyard dolların 12,9 faizini mobil cihazlar vasitəsilə edilən alışlar təşkil edirdi. 

 

2013-cü ildə Cyber Monday xərcləri 20 faiz artaraq 2,29 milyard dollara çatdı və Black Friday çərçivəsində edilən alışlarda azalma müşahidə edildi. 2015-ci ildə xərclərin ümumi həcmi 3,04 milyard dollara çatıb. 2016-cı ildə 5,6 milyard, 2017-ci ildə isə 6,59 milyard dollar xərclənib. 2018-ci il ən yüksək xərcləmə rekordu qırdı. 2020-ci ildə Cyber Monday onlayn alış-veriş üçün ən əlamətdar gün oldu, çünki o, rəqəmsal gəlir üzrə bütün zamanların rekordunu qıraraq 10,8 milyard dollara çatdı. Bu, bütün zamanların ən böyük e-ticarət satış günü olaraq tarixə keçdi. Əlbəttə ki, bunda dünyanı sarsan pandemiyanın və onun gətirdiyi bir sıra məcburiyyətlərin rolu böyük oldu.

 

Bəs bu iki fərqli endirim günlərinin arasındakı fərqlər nələrdir? Ən böyük fərq odur ki, Black Friday pərakəndə satış məntiqini və Cyber Monday isə onlayn satış məntiqi əsasında yaranmışdır. Başqa sözlə desək, Cyber Monday başladığı illərdə insanlar cümə günləri mağazalarda, bazar ertəsi isə kompüter başında alışveriş edirdilər. İndi onlayn satışlar ən az Cyber Monday qədər Black Friday günü də edilir. Minlərlə insan mağazaların qapısında gözləməyə davam etsə də, Black Friday onlayn ticarətin ən böyük paydaşlarından birinə çevrildiyini danmamalıyıq. 

 

Hansı günün endirimləri daha yaxşıdır ? Black Friday endirimlərini nəzərdən keçirsək, Cyber Monday ilə müqayisədə daha yüksək tariflər təklif edir. Çünki mağazalar hətta insanları qapıdan keçirtmək bahasına bəzi məhsullara zərər vurma riskini də alırlar. Bütün bunlar bir satış strategiyasıdır. Digər tərəfdən, insanların Cyber Monday endirimlərindən yararlanmaq üçün növbə gözləmək və ya insanlarla dava etmək məcburiyyətində qalmaması qiymətlərin artmasına səbəb olur. Çünki satıcılar bir neçə düyməni basmaqla mağazaya getmək arasındakı fərqi bilirlər.

 

Maraqlı bir nüans isə bu endirim günlərinə sosial medianın təsiridir. Sosial şəbəkə istifadəçilərin sayı hər il artır və onların üçdə biri sevimli mağazalarının Facebook, Instagram səhifələrini və endirim kampaniyalarını izləyir. İki dəfə çox istifadəçi məhsul almadan əvvəl rəylərə baxdıqlarını bildirib. Mağazalar da istehlakçıların sosial mediadan istifadə vərdişlərinə əsaslanaraq sosial mediada məhsul və kampaniyaları tanıdır. Bu mağazaların yarıdan çoxu öz internet saytlarını mobil istifadə üçün optimallaşdırır, hətta satıcıların 20%-i də planşet istifadəsi üçün veb-saytlarını optimallaşdırır. Onların bir çoxu reklam lövhələrində və jurnallarda məhsulun sosial mediadakı satış səhifələrini də vurğulayır

 

İndi isə keçək əsas mövzuya: Black Friday və Cyber Monday günlərində satışları təbii şəkildə necə artıra bilərik ? Əgər satışlarınızı onlayn formada edirsinizsə, izləməli olduğunuz məsləhətlər:

  • Məhsullarınızı optimallaşdırın.
  • Lazımi məhsullara düzgün endirimləri tətbiq edin – saytda bütün məhsulların endirimdə olması heç də inandırıcı görsənməyəcək.
  • Ödəniş formanızı ən rahat formada təşkil edin - əgər ödəniş bölməsi qəliz olarsa, alıcı həvəsdən düşə, saytınızı tərk edə bilər.
  • Saytınıza trafik çəkmək üçün sosial medianın gücündən istifadə edin - əvvəlcədən endirim kampaniyaları barədə elan verin. Yaxud sosial şəbəkələrdən gələn izləyicilərə xüsusi endirim tətbiq edin.
  • Yüksək keyfiyyətli e-poçt marketinq kampaniyaları yaradın– vizual cəhətdən diqqət cəlb edən e-poçt məktubları daha uğurlu qəbul edilir.
  • Veb-saytınızdakı şəkilləri çeşidləyin.
  • Çatdırılma xərclərini düzgün planlayın.
  • Müştəri xidməti ən üst səviyyədə təmin edin – endirim günlərindən sonra belə bu sizin üçün avantaja çevriləcək.
  • Veb saytınızı müxtəlif brauzerlərdə sınayın – işlək vəziyyətdə olmasına, həmçinin istifadəçi rahatlığına diqqət yetirin.

 

İstər onlayn, istər ənənəvi satışlarınızı artırmaq üçün etməli olduğunuz ilk şey düzgün planlamadır. Məhsullarınızı və büdcənizi planlı şəkildə satış strategiyanıza uyğunlaşdırmalısınız. Edəcəyiniz kampaniyalar və endirimlər üçün nə cür büdcəniz olduğunu və bu büdcə ilə məhsullarınızı necə qiymətləndirə biləcəyinizi strateji olaraq planlaşdırmaq bu endirim günlərindən faydalanmağınızı təmin edəcək. Black Friday və Cyber Monday satışlarınıza hazırlaşarkən strateji addımlar atmalısınız; hansı mövsümdə olduğunuzu və hansı məhsulların hansı bölgədə daha çox sevildiyini müəyyən etməli və əlinizdə olan məhsul/xidməti buna uyğun təşkil etməlisiniz. Xüsusilə sosial media məzmunu vasitəsilə reklamlarınızı “engagement”-ə uyğun gün və saatlarda yerləşdirərək daha təsirli etməlisiniz. Əsasən onlayn alış-verişdə aktual olduğu bu dövrdə internet saytınızın təhlükəsiz olması sizin üçün böyük əhəmiyyət kəsb edir. Veb saytınızın trafikinin artacağı bu günlərdə hər hansı problemlə qarşılaşmamağınız və satışlarınızın kəsilməməsi üçün endirim günlərindən əvvəl texniki tədbirləri görməlisiniz. Satışlarınızda rol oynayan hər bir komanda üzvü bu gərgin prosesə hazır olmalıdır. 

 

Black Friday və Cyber Monday çərçivəsində edəcəyiniz endirim və kampaniyalarla bağlı diqqət yetirilməli olan digər bir məsələ də endirimlərinizin etibarlılığıdır. Bir araşdırmaya görə, məhsulların 85%-i Black Friday günündən əvvəl eyni və ya daha ucuz, Black Friday-dən sonra məhsulların yalnız 1%-i ucuz qiymətə olur. Ona görə də təklif etdiyiniz endirimlər və kampaniyalar real və etibarlı olmalıdır. Bu gərgin dövrdə satışlarınızı artırmaq vacib olsa da, uzun müddətdə müştəri məmnuniyyətini qorumaq sizin üçün daha vacibdir. İnsanlar alış-veriş etməyə istəklidirlər, lakin əmin olun ki, onlar saxta vəd və təkliflərin də fərqindədirlər.

 

Marketinq və reklam prosesinizə başlamazdan əvvəl istehlakçı auditoriyanızı kateqoriyalara ayırmalısınız. Qeydiyyatdan keçmiş müştərilərinizə göndərdiyiniz elektron məktublarla özünüzə daha yaxın auditoriya yarada bilərsiniz. Keçmiş müştərilərinizə gəldikdə isə, onların əvvəlki seçimlərinə, yaş qruplarına və bölgələrinə uyğun plan qurmalı və kontentinizi buna uyğun formalaşdırmalısınız. Beləliklə, müştərilərinizi tam olaraq axtardıqları məhsullarla qarşılaya, fərdiləşdirilmiş kampaniyalar təklif edərək onların alış-veriş ehtimalını artıra bilərsiniz. E-poçt məktubu göndərərkən diqqət cəlb edən bir başlıq alıcıya endirim və ya kampaniyanın qısamüddətli olduğunu və bunun qaçırılmamalı bir fürsət olduğunu hiss etdirmək üçün təsirli bir üsul olacaq. Statistikaya görə, e-poçt marketinqinə xərclədiyiniz hər 1 dolları 42 dollar olaraq geri qaytara bilərsiniz. Bu o deməkdir ki, mövcud müştərilərinizi əldə saxlamaq yeni müştərilər əldə etmək qədər vacibdir.

 

Black Friday və Cyber Monday münasibətilə endirim edənlərdən biri də bizik:

 

Webcoder olaraq BÜTÜN xidmətlərimizə 20% endirim tətbiq edirik. Xidmətlərimizə daxildir:

 

• Saytların hazırlanması (Unikal dizayn, Front-end proqramlaşdırma, Back-End proqramlaşdırma, Kontentin yazılması)

• SEO Xidməti (SEO aylıq hesabatı, Açar sözlər, SEO kopiraytinq, Texniki optimallaşdırma, Mobil sayt optimallaşdırılması) 

• Mobil Tətbiq (iOS, Android, Windows, Blackberry)

• Brendinq (Loqo dizaynı, Dizayn işləri, Korporativ stil)

• SMM Xidmətləri (Qurulması və optimallaşdırılması, Orijinal sosial şəbəkə postları

• Neyminq (Ad vermə, Sloqanın təyini)

 

Layihənizi bizimlə reallaşdırın!

Black Friday və Cyber Monday günlərində satışlarınızı necə artıra bilərsiniz?