8 fevral 2022-ci tarixində "Networking Azerbaijan" biznes klubunun "Flame Tower"də yerləşən "Fairmont" hotelində növbəti görüşü baş tutub.

 

Tədbirdə biznes klubun tərəfdaşlarına “Gold Member" və "Silver Member mükafatları təqdim edilib.  “Networking Azerbaijan” ailəsinin daimi üzvlərindən biri olan Rəşad Qafarzadə Web Coder Agency-nin icraçı direktoru olaraq tədbirdə bizləri təmsil edib.

 

Tədbirin əsas məqsədi yeni tanışlıqların yaranması, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin inkişafı və genişləndirilməsindən ibarətdir.

 

Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak edib, onlara işgüzar əlaqələrin qurulması, inkişafı və genişləndirilməsi üçün lazımi şərait yaradılıb.

 

Təqribən 150 nəfərin iştirakı ilə baş tutan tədbirdə Networking Azerbaijan klub tərəfdaşlarına, üzvlərinə "Gold Member" və "Silver Member" mükafatı təqdim olunub.

 

Networking Azerbaijan biznes klubunun həmtəsisçisi Orxan Hacıyev qonaqları giriş nitqi ilə salamlayıb və biznes əlaqələrinin qurulması,  gələcək inkişafı, eyni zamanda, klubun daha da böyük layihələri haqqında məlumat verib. O qeyd edib ki, ölkənin sosial-iqtisadi inkişafı birbaşa olaraq sahibkarlıq fəaliyyətində uğurlarla, habelə müxtəlif biznes layihələrinin həyata keçirilməsi, yaradıcı və innovativ ideyaların həyata keçirilməsi ilə bağlıdır.

 

Nitqdən və təqdimatdan sonra qonaqlar arasında yenidən əlaqələrin yaradılması, müzakirələrin davam etməsi üçün furşet təşkil olunub. Nəzərinizə çatdırmaq istərdik ki, Web Coder Agency “Networking Azerbaijan” tərəfindən ilk dəfə olaraq “Gold Member” mükafatına layiq görülüb.

 

Sahibkarlar iş dünyasındakı ən son tendensiyaları və yenilikləri müzakirə edib, həmçinin postpandemiya dövründə problem və məsələlərin həlli ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər. Networking Azerbaijan Business Club-un bütün tədbirləri kimi bu görüş də rahat və xoş atmosferdə keçib.